Vilfredo Paretonun “Elitaların Dövriyyəsi” Nəzəriyyəsi nədən bəhs edir?

Google+ Pinterest LinkedIn Tumblr +

İş həyatına mühəndis olaraq başlayan, menecerlik edən, riyaziyyat və statistika sahələri ilə maraqlanan Paretonun düşüncələri hər nə qədər iqtisad elmində istifadə olunsa da həyatının son illərini bir sosioloq kimi keçirmişdir. 1848-ci ildə Parisdə dünyaya gələn və 1923-cü ildə Cenevredə ölən Paretonun nəzəriyyələri xüsusilə Sorokin və Parsons kimi sosioloqlara təsir etmişdir. O ən çox riyaziyatçı bir iqtisad alimi olaraq tarazlıq (balans) nəzəriyyəsinə töhfələri ilə məşhur olmuşdur. 1916-cı ildə sosiologiya sahəsi ilə maraqlandığını “Ümumi Sosiologiya Dərsləri” adlı əsəri ilə göstərdi. Bununla birlikdə onun ən məşhur əsərlərindən biri də “Cours d’économie Politique (Politik İqtisad Dərsləri)” kitabıdır. Pareto eyni zamanda Walras və Lozan Məktəbinin də qurucusudur. Yuxarıda da vurğulandığı kimi o, riyazi analiz metodlarını iqtisadiyyat nəzəriyyəsinə tətbiq edib və maliyyə, istehsal və dəyər nəzəriyyələrinə yeni baxışlar ortaya qoymuşdur. O, bütün ölkələrdə gəlirin paylaşılmasını incələyib və bunun qanununu təyin etmişdir. Müasir rifah nəzəriyyəsinin əsaslarını qoyan Pareto “elitaların (elitanın) dövriyyəsi” nəzəriyyəsini də formalaşdıran alimdir. Bu məqalədə xüsusilə onun bu nəzəriyyəsini incələyəcəyik.

XX əsrin əvvəllərində İtaliyada sağçı qruplar tərəfindən də qəbul edilən və elitaların dövriyyəsi adını alan nəzəriyyəsi hakimiyyətə gələn Mussolini tərəfindən də çox bəyənildi. Beləcə Pareto İtaliya krallığında senator vəzifəsinə təyin edildi. Coserə görə 1923-cü ildə ölümündən sonra bir çox faşist spiker öz ideologiyasının əsas mənbəyinin Pareto olduğunu söyləmişdir. Mussolini Paretonun elitalar nəzəriyyəsini müasir dövrün ən qeyri-adi sosioloji anlayışı və nəzəriyyəsi olduğunu iddia edib.

Pareto aydınlanma mütəfəkkirlərinin bir çox fikirlərinə, sosiologiyanın ilk dövr inkişafında təsirli olan irəliləmə düşüncəsinə, pozitivizmə, təkamülçülüyə, sosial Darvinçiliyə, humanist fəlsəfəyə və Marksizmə tənqidi yanaşmışdır.

Eyni yazardan bunu da oxu: Sosiologiya Nədir?

Paretonun iqtisadiyyat mövzusundakı işlərinin yanında sosial dəyişikliklərlə bağlı işləri də olmuşdur. Xüsusilə metodologiya sahəsinə töhfələri önəmlidir. Pareto metodoloji olaraq məntiqi-təcrübi bir yol izləmişdir. Ona görə insanların hərəkət və davranışları ümumiyyətlə məntiqli deyil. O bu hipotezi, qurduğu sosiologiyanın əsasına yerləşdirdi və inşa etdiyi yeni metodologiya ilə sosiologiyaya yeni bir nəzəriyyə qazandırdı.

İnsan fəaliyyətləri ilə bu fəaliyyətlərin məqsədi arasındakı əlaqələr obyektiv olmalıdır deyən Paretoya görə bir davranışın məqsədinə nail olmaq üçün seçilən vasitələr arasındakı əlaqələr doğru və şüurlu bir şəkildə hesablanırsa, bu davranış ağlabatan olur. Vasitə-məqsəd münasibəti doğru deyilsə, davranış da məntiqli deyil. Paretoya görə, əslində insanlar daha çox irrasional davranışa sahib olurlar. Ona görə bu bir sıra dərin meyllər və instinktlər/impulslar ilə əlaqəlidir.
Paretoya görə sosiologiya bu məntiqsiz davranışı tədqiq edir. O insan davranışının mərkəzində iki əsas məntiqsiz elementdən bəhs edir:
– Qalıq/artıq (résidu) adını verdiyi dəyişməyən meyllər;
– Dəyişən/törəyən (dérivation) isə insanların hər vəziyyətdə davranışlarına haqlı çıxartmaq üçün istifadə etdikləri dəyişən səbəblərdir.
Paretonun irrasional dediyi fəaliyyətlər dəyərlər, inanclar və duyğuların sahəsində meydana gəlir. Onun öz ifadəsi ilə “İnsan irrasional motivlər (qərizə) ilə hərəkət etməyə məcbur qalsa da bütün davranışlarını məntiqli olaraq müəyyən prinsiplərlə əlaqələndirməyi sevir və buna görə də öz əməllərinin doğruluğunu qanuniləşdirmək üçün bu prinsipləri aposteriori kimi qəbul edir.”

Vilfredo Federico Damaso Pareto (15 Iyul 1848 – 19 Avqust 1923)

elitalar nəzəriyyəsində Paretonun adı Gaetano Mosca ilə yan yana gətirilir. Hər iki nəzəriyyəçi də siyasi elitaları gücləri baxımından deyil, daha çox şəxsi keyfiyyətlərinə əsaslandıraraq incələyir. Hər ikisi də Marksın idarə edən və idarə edilən ayrımının olmadığı utopik gələcəyi rədd edirlər. Hər iki nəzəriyyəçinin fikriə görə, elita qrup kütlələrə qarşı mütəşəkkil və birləşdirilmiş ən güclü elementlərdən biridir.

Pareto və Moska bütün hökumətləri hətta demokratiya hökumət növünü də elitaların hökuməti kimi görür. Ona görə bütün inqilablar elita bir qrupun yerinə başqa bir elita qrupun gəlməsi deməkdir. Bütün elitalar vəzifə başına gəldikdən müəyyən müddət sonra pozulurlar və onları elita edən keyfiyyətləri itirməyə başlayarlar.

Pareto hər toplumun əhalisini iki təməl sinifə ayırıır:
1) Elita olmayan alt təbəqə
2) Elitalardan ibarət olan üst təbəqə
Elita təbəqəsi özü ikiyə ayrılır:
(a) İdarə edici elitalar (icra elitası)
(b) İdarə edici olmayan elitalar.
Pareto, alt sinfi qeyri-mütəşəkkil, bacarıqlı olmayan sinif kimi qeyd edir. Ona görə alt sinif həmişə vəzifəsini yerinə yetirmək üçün nəzarət altında tutulmalı və kontrol edilməlidir.

Sosioloq Pierre Bourdieu haqqında buradan oxu: Pierre Bourdieu

Pareto elitalar nəzəriyyəsində iki tip elita sinifin dövriyyəvi bir şəkildə öz aralarında necə yer dəyişdirib ve beləcə xalqları necə idarə etdiklərini izah edib. Bu iki tip sinifin birincisini şirlərə bənzədir. Şirlər güclərini istafadə edərək idarə edirlər. Bunlar xalqı əsgəri idarə edənlər ve diktatorluqlardır. İkinci tip sinifi isə tülkülərə bənzədir. Bunlar xalqı gizlicə idarə edirlər. Yəni bunlar diplomatikdirlər. Paretoya görə şirlərin öz güclərini (iqtidarlarını) qoruya bilmələri üçün tülkülərə ehtiyacları var. Ona görə şirlər tülkülərə imtiyaz verirlər.

Paretoya görə istisnaları nəzərə almasaq insanlar həmişə bir elita azlıq tərəfindən idarə olunmuşdur. Ancaq önəmli bir təbii qanuna görə, elitalar həmişə bu şəkildə davam edə bilməzlər və istehlak olurlar. Beləliklə, insanlığın tarixi elitaların əbədi yer dəyişdirmə tarixidir. Biri enərkən, digəri yüksələr… Bu real bir fenomen olsa da fərqli şəkillərdə ola bilər.

Elitalarla bağlı fikirləri oxuyarkən mənəvi, əxlaqi və dərin mənaları axtarmaq lazım deyil. elitaları həyat mübarizəsində yaxşı qiymət alan və ya ictimai həyat rəqabətindən yaxşı bir nömrə seçən bir insan kimi qiymətləndirmək doğru olar. Bu anlayışda Paretonun, sosial elita və icra/idarə edici elita olmaq üzrə iki elita tərifi var. Pareto əsasda diqqətə aldığı isə dar mənada icra/idarə edici elitadır. Bunlar ictimai və siyasi rəhbərliyin xüsusiyyətlərini davam etdirən insanlardır. Cəmiyyətlər elitaların təbiəti ilə formalaşır.

Paretonun nəzəriyyəsini daha açıq bir ifadə ilə yekunlaşdıracaq olsaq, deyə bilərik ki enməsi lazım olan köhnə elitanın enişi və yeni elitanın yüksəlişi tarixi bir döngüdən ibarətdir. Köhnə elitaların yerinə keçən elitaların disiplini, cəsarətin timsalıdir. Tam da bu nöqtədə subyektiv və obyektiv baxış bucağından baxsaq bu elitaların birbirindən ayrılığı, bizi yeni elitaların mövqeyini düşünməyə məcbur edər. Subyektiv dünyagörüşüylə yeni ideologiyanın arxasından gedən və hətta özünü bu ideala həsr edən xalq obyektiv olaraq yeni elita qrupun iqtidarına xidmət emekdən başqa bir şey etməz. Məsələn subyektiv fenomen dinsizliyə qarşı dini, istismara qarşı xalqın inqilabına işarət etsə də obyektiv fenomen iki elitalar arasındakı qarşıdurmadan başqa bir şey deyil. Toplumların tarixində ideallar, fikirlər, ideologiyalar və sistemlər dəyişir; arxa planda isə toplumu istismar etməkdən imtina etməyən həmişə yer dəyişdirər. Son olaraq Paretonun sosiologiyasında ziddiyyətçi bir baxış tərzi ilə tarazlıq (balans) axtarışını rahatlıqla hiss edə bilərik. Hər bir münaqişə dəyişiklikdir, hər bir dəyişiklik yeni bir tarazlıqdır. Bu nəzəriyyədə tarazlıq axtarmaq, Parsonsun sistem nəzəriyyəsindəki vəziyyəti xatırladır; mübarizə aparan tərəf isə Dahrendorfun düşüncələrini xatırladır.

QAYNAQLAR

– İnaç, H. (2010), Faşizmin ve Sosyalizmin Sosyo- Politik Kökenleri, Bursa: MKM Yayıncılılık
– Coser, L.A. (2008), Sosyolojik Düşüncənin Ustadları, çev.Himmət Hülür, Sərhat Tokər, İbrahim Mazman, Ankara: De Ki Basım Yayım. S. 355
– Swingwood, A., Sosyolojik Düşüncənin Qısa Tarixi, çev. Osman Akınhay, Ankara: Bilim və Sənət Yayınları 1998. s. 301
– Pareto, V., Elitaların Dövriyəsi, Doğu Batı yayınları, İstanbul

Paylaş.

Müəllif haqqında

Bilal Hatəmi

Bilal Hatəmi (1983), Təbrizdə Sosiologiya üzrə bakalavr təhsilini bitirdikdən sonra Türkiyəyə mühacirət edib Hacettepe Universitetində Sosiologiya üzrə magistr dərəcəsi almışdır. Eskişehir Anadolu Universitetinin Tarix Bölümündə Ph.D. öyrəncisi kimi təhsilə davam edir. Avrasiya Universitetində Sosiologiya müəllimi kimi çalışır. Siyasət Sosiologiyası, Tarix Sosiologiyası, Kültür, Kimlik, Sosial Siyasət kimi sahələrlə maraqlanır.

Şərhlər bağlıdır.