Ərdəbil ölkə səviyyəsində ən yüksək səfalət göstəricisinə sahib olmaqla, ölkə səviyyəsində payız fəslinin sonunda iqtisadi baxımdan ən pis vəziyyətdədir. Ərdəbil vilayəti bu ilin payızında 35.2% inflyasiya və 10.1% işsizlik nisbəti ilə 45.3 vahid səfalət indeksi yaşayıb. Başqa sözlə desək, Ərdəbil vilayəti sakinləri bu payızda ən aşağı rifah vəziyyətini təcrübə ediblər.
Səfalət indeksi, bir ölkənin və ya bölgənin iqtisadi rifahını ölçmək üçün istifadə olunan sadə bir göstəricidir. Bu indeks iqtisadi çətinliklərin işsizlik və inflyasiya vasitəsilə vətəndaşların həyatına necə təsir etdiyini qiymətləndirir. Əsas məqsədi iqtisadiyyatın iki əsas problemini – işsizlik və inflyasiyanı birlikdə nəzərdən keçirərək ümumi rifah səviyyəsini ölçməkdir. Səfalət indeksi aşağıdakı düsturla hesablanır:
Səfalət indeksi = İşsizlik faizi + İnflyasiya faizi
İran Statistika Mərkəzinin məlumatına görə, bu ilin payızında illik inflyasiya 32.5%, işsizlik faizi isə 7.2% səviyyəsində olub və bunun nəticəsində səfalət indeksi 39.7 vahidə düşüb. “Tejarət News”un bildirdiyinə görə, bu göstərici yay fəslində qeydə alınan 41.7 vahiddən iki vahid aşağıdır və 1399-cu ilin yayından bəri ən aşağı səviyyədir.
Fürsətlərin yandırılması
Ərdəbil ölkənin ən təhlükəsiz sərhəddinin yarısına sahib olmasına baxmayaraq xarici ticarətdən nəsibsiz qalır. Bu eyni zamanda sadəcə Azərbaycanla deyil Qafqaz öılkələri və Rusiya ilə də var olan ticari münasibətlərdən vilayətin nəsibsiz qalmasına gətirib çıxarır.
Ərdəbil əkinçilik məhsullarının yetişdirilməsi mövzusunda qeydə dəyər potensiala malikdir. Lakin bu İranın xarici siyasətləri nəticəsində böyük ölçüdə zəifləyir. Normalda Azərbaycan Respublikası Ərdəbilin kənd təsərrüfatının bazarı halına gələ biləcək potensialdadır. Daha geniş mənada Ərdəbil vilayəti şimal qonşularının İrana qapısı mövqeyindədir. Lakin bütün bu fürsətlər siyasi seçimlər nəticəsində məhv edilir.
Ərdəbil cümə imamı Ərdəbil əhalisinin qarşısında
Keçən illər və fəsillərdə də Ərdəbil vilayəti ən pis vəziyyətdə olan vilayətlər içində yer alıb. Bu ölkə səviyyəsində vilayətin daimi olaraq zəif mövqeyini göstərir. Buna baxmayaraq Ərdəbil vilayəti bir çox baxımdan potensialları mövcuddur. Daha əvvəl də deyildiyi kimi bunlardan biri də vilayətin Azərbaycan Respublikası ilə ən uzun sərhəddə malik olmasıdır. Bu Azərbaycan və ümumiyyətlə Qafqaz bölgəsi ilə geniş ticari imkanların varlığını göstərir.
Buna baxmayaraq, Ərdəbil vilayəti bu potensialından hardasa heç bir fayda görmür. Vilayət cavabdehlərinin və hətta İranın Xarici İşlər Nazirliyinin də təkid etdiyi nöqtələrdən biri də elə bu məsələdir. Ərdəbil vilayətinin Azərbaycanla yarada biləcəyi xarici ticarət potensialı siyasi seçimlər nəticəsində məhv edilir.
Ərdəbilin cümə imamı molla Amuli bu xarici siyasətin bir parçası kimi görmək olar. Molla Amuli şimali qonşu ilə qalmaqallara səbəb olan ən önəmli şəxslərdən biri halına gəlib. Amulinin Azərbaycan Respublikası ilə müxalifəti onun danışıqlarının önəmli bir qismini təşkil edir. Son məddah qalmaqalı da yenə onun ocağından qalxıb. Azərbaycan və Türkiyə başçılarına təhqiramiz sözlər deyən məddah Amulinin alqışını qazanıb.
Ərdəbil şəhərində keçirilən dini tədbirdə bir məddahın Azərbaycan və Türkiyə liderlərinə qarşı alçaldıcı ifadələri böyük qalmaqala səbəb olub. Bu məddah, İranın regional siyasi siyasətini dini simvollarla əsaslandıraraq, İranın şiə hökumətinin Azərbaycan və Türkiyənin qarşısında dayandığını bəyan edib. O, həmçinin İmam Zamanın bayrağının gələcəkdə Ərdəbildən Bakıya aparılacağını iddia edib. Məddahın bu ifadələri İran dövlət televiziyasında yayımlanaraq beynəlxalq miqyasda diqqət çəkib. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə sərt reaksiya verib və İranın Bakıda olan müvəqqəti səfirini məsələ ilə bağlı izahat üçün çağırıb. İctimai mediada isə bu çıxışlar geniş tənqidə məruz qalıb, İran rəsmiləri isə hələ də rəsmi bir mövqe bildirməyib.
Molla Amulinin danışığında güneydə işlənməyən sözlərin geniş şəkildə yer alması heç də təsadüfi deyil. Amuliyə mənsub diskurs daha çok Şimali Azərbaycana xitab edir. Misal üçün mollanın tez tez işlətdiyi kəlmələrdən biri “deputat”dır. Normalda güneydə heç kəs millət vəkilinə deputat deməz. Eyni zamanda onun çox işlətdiyi kəlmələrdən biri də “nüvə” sözüdür. Bu da yenə güneydə xüsusilə hakimiyyətə mənsub diskursda heç gözə dəyməz. Bu siyahıya despot, zabit, prezident, parad vs. kimi sözləri saymaq olar.
O eyni zamanada Azərbaycan Cümhuriyyətinin nizami qabiliyyətlərini də dəfələrlə təhqir edib. Bir dəfə mahnı oxuyanla topraq azad etmək olar, çaxır içənlə savaş olar deyərək Azərbaycan ordusuna tənə ilə yanaşmışdı. Dəfələrlə o şimali azərbaycanlıların ermənilərin qarşısında qaçmağı savaşmağa tərcih etdiklərini deyib. Bir dəfə isə İranın bəsiciləri olmasaydı ermənilər Bakıya qədər alacaqdılar demişdi.
Molla Amulinin təşəbbüsü ilə yanvarın 16-sı dünya müsəlman Azəri zəbanlar günü olaraq hər il İranda qeyd edilir. Bu 31 dekabr dünya Azərbaycanlıların Həmrəylik Günü müqabilində qondarılan bir gündür. Bu barədə molla Amuli şəxsən bu günün (yəni 16 yanvarın) 31 dekabr günü qarşısnda yarandığını deyib.
Azərbaycan ilə İranın siyasi baxımdan ziddiyyətləri Azərbaycan Respublikasının yarandığı gündən müşahidə olunur. Bu siyasətlərin iqtisadi ziyanı ən çox Ərdəbilə dəysə də, Ərdəbil cümə imamı bu düçməncə münasibətdə ən başda gələn şəxslərdən biridir.