Yasaq dilin rejissoru Əsgər  Yusifinejad kim idi?

Google+ Pinterest LinkedIn Tumblr +

Güneyli rejissor Əsgər  Yusifinejad keçirdiyi beyin əməliyyatından sonra vəfat edib. Təbrizli rejissor son zamanlar beyin qansızmasına görə komada idi. Sentyabr ayının 13-də tanınmış rejissor Təbrizdə yerləşən  xəstəxanada vəfat edib. Onun cənazəsi sentyabrın 14-də Təbrizin Vadi  Rəhmət qəbiristanlığında torpağa tapşırılacaq.

Əsgər Yusifinejad 1969-cu ildə Təbrizdə doğulub. O, İran Radyo ve Televizyon Universitetinin məzunu idi. Fəaliyyəti boyunca bir çox əsərlərə imza atan Yusifinejad rejissor, yazıçı və prodüser kimi fəaliyyət göstərdiyi  kinematoqrafiya  həyatına  1989-cu ildə başlayıb.

Cəmi 53 il yaşayan Yusifinejad son zamanlaar türkcə çəkilmiş “Ev” və “Qolçaq” filmi ilə gündəmə gəlmişdi.  Lakin “Qolçaq” filmi Fəcr festivalına qəbul edilmədi. Bundan əvvəl o, həm ssenari müəllifi, həm də rejissoru olduğu “Yağış röyaları yumur” filimini çəkmişdi.

“Ev “

Rejissor Əsgər Yusifinejadın 2016-cı ildə çəkdiyi “Ev” adlı bədii filmi İran kino tənqidçilərinin də diqqətini çəkib. Təbrizdə Azərbaycan türkcəsində farsca altyazı ilə istehsal edilən film, ənənəvi bir ailədən bəhs edir. Filmin qəhrəmanları ölən atalarını dəfn etmək istəyirlər, lakin öyrənirlər ki, ataları öz cəsədini tibbi araşdırmalar üçün tədqiqat institutuna bağışlamağı vəsiyyət edib.

“Ev” filmi “NETPAC” (Asiya Kino İnkişafı üçün Şəbəkə) mükafatı ilə birlikdə, İranın 35-ci Fəcr Film Festivalında ən yaxşı ssenari və ən yaxşı film üçün “Simorgh Zarrin” və “Simin” mükafatlarını qazanmışdır.  Filmin uğuru müstəqil Güney Azərbaycan kinosunda böyük səs-küyə səbəb oldu.

Ev” filmini buradan izləyin

“Qolçaq”

Yeni çəkilmiş “Qolçaq” filmi Azərbaycan türkcəsində olduğu üçün İranda keçirilən 40-cı  Fəcr Beynəlxalq Film Festivalına qəbul edilməyib.  İranın məşhur kinorejissorlarından olan Bəhruz Əfxəmi deyib ki, “Qolçaq” filmi heyranedici bir film olsa da, türkcə olduğu üçün Fəcr Festivalında iştirak etməyəcək. Filmin qəbul edilməmə səbəbi kimi isə, onun türkcə olduğunu göstərən rejissor deyib ki, – “film türkcə idi və münsiflər farsca altyazı tez-tez dəyişdiyinə görə onu oxuya bilməyib festivala qəbul etmədilər.” “Qolçaq” hələ də ekranlaşdırılmayıb.

“Yağış röyaları yumur”

Rejissorun birinci peşəkar əsəri kimi tanınan bu film 2003-cü ildə istehsal edilib. Filmdə Ustad Şəhriyarın rolunu oynayan Məhəmməd Naci rejissorun ölümünə görə “Yağış” adlı digər bir filmdə aktyorluğa başlayır. Lakin o əvvəlki rolundan ayrılmaqda çətinlik çəkir. Bu fillmin dili farscadır.

Burdan izləyin

Azərbaycan müstəqil kinosu və Yusifenejad

Bəzi güneyli kinorejissorlar güneydə Azərbaycan müstəqil kinosunun yarandığını deyirlər. İranda fars dili yeganə rəsmi dildir. İranda kino da bu təkdilli sistemin bir parçası olaraq yaransa da, son zamanlar güneydə türkcə əsərlərin sayı artmaqdadır. Türkcə əsərlərə insanların marağı da bu gedişata böyük dəstək kimi qəbul edilir.

Bu gedişatın qarşısında olan təkdillilik siyasəti isə Azərbaycan müstəqil kinosunun ayaqlanmasına əngəllər  yaratmaqdadır. Əsgər Yusifinejad bu proses içərisində özünəməxsus yer alıb. Güneyli bir digər rejissor İsmyıl Münsif güneydə Əsgər Yusifinejaddan da  öncə türkcə filmlərin çəkildiyini, lakin yalnız Yusifinejadın əsərlərindən sonra ümumi həyəcanın yarandığını yazıb.

Yusifinejad Azərbaycan müstəqil kinosunda uğurlar qazanmağın mümkün olduğunu göstərən rejissor idi. “Ev” filmi Azərbaycan müstəqil kinosunun ən parlaq əsərləri sırasında yer alır. “Qolçaq” adlı digər əsəri isə təəssüfki bəhs edilən təkdillilik səddini aşa bilmədi. Yusifenejadın  fəaliyyətləri Azərbaycan müstəqil kinosunun vəziyyətini açıqca nümayiş etdirməkdədir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.