23 il keçdi: Zəncan hava limanının uçuş qıfılı niyə açılmır?

Google+ Pinterest LinkedIn Tumblr +

Zəncan hava limanı 2000-ci ildə 400 hektar ərazidə tikildi. Keçən 23 il ərzində bu hava limanının fəaliyyəti qeyri-müntəzəm şəkildə davam edir. Bu müddət ərzində yalnız Məşhəd, Həcc və Ümrə kimi uçuşlar bəzi fasilələrdə həyata keçirilir. İlin qalan günlərində isə tətildir. Hazırda Zəncanın inkişafı üçün böyük potensial sayıla biləcək bu hava limanı istifadə edilmir. Zəncan ostanının paytaxta yaxınlığı səbəbindən tikildikdən sonra ən işlək hava limanlarından biri olacağı gözlənilsə də, bugün ən sakit hava limanlarından birinə çevrilmişdir.

Zəncan hava limanı

Zəncan Beynəlxalq Hava Limanı hava sərhədi olan aeroportlardan biridir. Zəncan ostanının ehtiyaclarına görə tikilən Zəncan Hava Limanının tikintisinə 1990-ci ildə başlanmış və təxminən 10 il sonra, yəni 2000-ci ildə bu ostanda yeganə hava limanı olaraq istifadəyə verilmişdir. Hökumətin Zəncan hava limanını hava sərhədinə çevirmək qərarına əsasən, 2011-ci ildə ilk beynəlxalq uçuş Səudiyyə Ərəbistanına həyata keçirilmişdir. Lakin Səudiyyə Hava Yollarının pilotu bu hava limanına ilk enişdən sonra onu qeyri-standart və beynəlxalq uçuşlar üçün uyğunsuz kimi qiymətləndirmişdir. Bununla belə, hava limanının tanıtım saytı iddia edir ki, bu hava limanı Airbus 300 kateqoriyasına qədər bütün növ geniş gövdəli təyyarələrə, orta ölçülü təyyarələrə, dar gövdəli təyyarələrə, yüngül təyyarələrə və helikopterlərə uyğun tikilmişdir. Bu hava limanının gündəlik 40 uçuş qabiliyyəti olsa da, günümüzə qədər bu imkandan səmərəli istifadə edilməmişdir. Belə ki, tikilməsinin üzərindən 23 il keçməsinə baxmayaraq, bu hava limanının müntəzəm uçuş qıfılı hələ də açılmış deyildir.

Hava limanının fəaliyyətsizliyi Zəncanın inkişafına əngəl olur

Zəncan hava limanının rəhbəri hava limanının əhalinin bu uçuşları yaxşı qarşılamadığına görə bağlandığını bildirir. Amma səyahət agentləri insanların məyusluğunu hava limanının plansızlığı və zəifliyindən asılı olduğunu bildirirlər. Xalq günahlandırılsa da, Zəncan səyahət agentlikləri hava limanının fəaliyyətini çox tənqid etməklə yanaşı, rifahının olmamasını və sərnişinlərə xidmətin düzgün planlaşdırılmamasını insanların bu hava limanını xoş qarşılamamalarına əsas səbəb kimi göstərirlər. Keçmiş illərdə müqavilə bağlanan şirkətlərin müntəzəm uçuş cədvəlinin olmadığı da buna örnək gətirilir. Uçuş planlarının qeyri-müntəzəmliyindən qaynaqlanan güvənsizlik biletlərin alınmamasına da nədən olur. Digər tərəfdən, hava limanında otopark və taksi duracağının olmaması insanların narazılığına səbəb olan bir başqa problem olaraq qimətləndirilir.

Zəncan hava limanının tikinti yeri ilə bağlı da çoxlu tənqidlər vardır. Zəncan hava limanı Zəncan ostanının digər rayonlarının əksəriyyətinin bu hava limanından istifadə edə biləcəyi yerdə salınmamışdır. Məsələn, bu hava limanı Əbhər və Xorramdərə yaxınlarında yer alsaydı Qəzvin və Takistan şəhərləri də istifadə edə bilərdi. Digər tərəfdən, Zəncanın paytaxta yaxınlığı bu hava limanının inkişafı üçün potensial ola bilərdi. Ancaq Zancanın digər layihələrində də düzgün yer seçiminin olmadığı görülür. Yerli rəsmilərin sözlərinə görə, hökumət də bu hava limanının inkişafına dəstək vermir. Ötə yandan, Zəncanın Xüsusi İqtisadi Bölgə olması və hava limanının qeyri-müntəzəm vəziyyətinin Zəncana qoyulacaq sərmayəyə əngəl olacağını göstərir.

Hava nəqliyyatı iqtisadi, sosial, hərbi və turizm ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır. Günümüzdə, iqtisadi, sosial və turizm məsələlərinin əhəmiyyətli hissəsinin hava nəqliyyatından asılı olması hava limanlarının rolunu və əhəmiyyətini ikiqat artırmışdır. Ona görə də, bu sektorun inkişafı daha çox önəm qazanır. Lakin Zəncan Hava Limanı bu inkişafdan uzaqda qalmış və uçuşlarının genişləndirilməsi planları bu günə qədər bağlı qapılarla üzləşmişdir. Bu hava limanı Zəncanın öz iş və bazar adamlarının ehtiyaclarını qarşılamaq üçün belə aktiv deyildir. Hava Limanının fəaliyyəti il ərzində bir neçə özəl uçuşla kifayətlənir, beynəlxalq uçuşlar isə yalnız Həcc dönəmində həyata keçirilir. Buradan bir neçə qonşu ölkəyə birbaşa uçuşlar müzakirə edilsə də hələ baş tutmamışdır.  Zəncanın inkişaf potensialına malik olan bu hava limanının uçuşları təxminən iyirmi beş ildir ki qıfıllanmışdır.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.